MyPassion
İnfarktdan yaxa qurtarmağın sirləri
13 Okt. 2016, 18:47 \ Baxılıb: 1084 dəfə \

“Qırmızı ətdən uzaq durmalı, xəmir xörəkləri, heyvani yağlardan,
ağ çörəkdən, duzdan az istifadə etməli...”


Həm dünyada, həm də Azərbaycanda ürək-damar xəstəliklərindən ölüm halları birinci yerdə dayanır. Beyin insultu isə inkişaf etmiş ölkələrdə ölümə səbəb olan xəstəliklər sırasında üçüncü, Azərbaycan kimi inkişaf etməkdə olan ölkələrdə isə ikinci sırada yer alır.
Anadangəlmə ürək qüsuruna görə isə dünyada ilk yerlərdə dururuq. Ürək infarktı və beyin insultu ilə bağlı suallarımızı Mərkəzi Klinikanın kardioloqu Üzeyir Rəhimov cavablandırdı. Qeyd edək ki, Ü.Rəhimov ölkəmizdə beyin damarlarının stendləmə yolu ilə açılmasını tətbiq edən ilk azərbaycanlı həkimdir.
Ölkəmizdə anadangəlmə ürək xəstəliklərinin səbəbləri
- Dünyada və Azərbaycanda ürək-damar xəstəliklərindən ölüm halları birinci sıradadır. Yalnız Şərqi Avropa ölkələrində ürək-damar xəstəliklərindən ölüm halları 3-4 ildir ki, xərçəng xəstəliyindən sonraya, yəni ikinci yerə düşüb. Çünki Şərqi Avropa ölkələri kiçik olduğundan daha yaxşı idarə edilir və tibbi baxımdan mərkəzi sistem qurulub. Sözügedən ölkələrdə yenicə infarkt keçirən xəstələr infarkt anında tövsiyə edilən xəstəxanalara götürülüb damarları açıldığından ölüm halları azalıb. Bu, tibb üçün çox böyük nailiyyətdir. Hazırda bunu bütün Avropa tətbiq etmək istəyir. Amma böyük ölkələrdə buna nəzarət bir az çətindir.
Ölümə səbəb olan xəstəliklər arasında üçüncü sırada insult, yəni beyin damarlarının tutulması ilə bağlı beyin qan dövranının pozulması xəstəlikləri dayanır. Əslində bu, inkişaf etmiş ölkələrdə üçüncü sıradadır. İnkişaf etməkdə olan ölkələrdə isə ürək-damar xəstəliklərindən sonra beyin-damar xəstəlikləri də ölüm və əlilliyə səbəb olmasına görə xərçənglə birgə ikinci sıradadır.
- Azərbaycanda ən çox hansı ürək-damar xəstəliklərinə rast gəlinir?
- Həm dünyada, həm Azərbaycanda ən çox infarkta və ürək çatışmazlığına rast gəlinir. Anadangəlmə ürək qüsurları ilə doğulan uşaqlar Azərbaycanda digər ölkələrdən daha çoxdur.
- Səbəb nədir?
- Statistika olmadığından səbəblərini dəqiq deyə bilmirik. Təxmini deyə bilərik ki, Sovet dövründə ölkəmizdə radiasiya çox olub. Bunun da ürək xəstələrinin sayının çox olmasında rolu var. Qohum evlilikləri də anadangəlmə ürək xəstəliklərinin əsas səbəblərindəndir. Bundan başqa, hamiləlik dönəmində, hamiləlikdən əvvəl gərəkli-gərəksiz dərmanlar, hamiləlik periodunda keçirilən infeksiyalar da səbəblər sırasında ola bilər. Bir də bizdə insanlar daha çox qrip infeksiyalarına tutulurlar. Hamiləlik zamanı keçən bu infeksiyalar da anadangəlmə qüsurların səbəblərindən biri ola bilər.
 
Heç kim, hətta həkimlər belə qadınlara inanmır
 
- Qadınlar, yoxsa kişilər arasında infarkt xəstəliyi daha çox yayılıb?
- Kişilərdə daha çox rast gəlinir. Amma son illərdə dünyada qadınlarda bu xəstəlik artıb. Özü də zərif cins infarktı ağır keçirir, ümumiyyətlə, qadınlarda diaqnoz qoyulması bir az çətin olur. Qadınlar adətən həkimə gecikirlər. Çünki özləri də ürək xəstəliyindən əziyyət çəkdiklərini bilmirlər. Həkimə gec gəldikləri zaman isə keçirdikləri infarkt ölümlə nəticələnir.
- Qadınlarda infarktın əlamətləri üzə vurmadığına görə həkimə gec müraciət edirlər?
- Qadınlarda şikayətlər tipik ürək xəstəliyindən əziyyət çəkənlərdəki kimi olmur. Digər tərəfdən, xanımlar daha incə olduqlarından həyatları boyu bir çox ağrılardan şikayət edirlər. Buna görə də nə özləri, nə çevrələri, bəzən hətta həkimlər də bu ağrıları ayıra bilmirlər.
- Bu xəstəliklərə daha çox hansı yaş qrupunda rast gəlinir?
- Azərbaycanda bu xəstəlik adətən 40-50 yaşdan sonra başlayır. Amma çox gənc yaşda da ürək-damar xəstəliklərindən əziyyət çəkənlərə rast gəlinir. 21-22 yaşında əməliyyat edib stend qoyduğumuz xəstələr olub. Əslində Avropa və Amerikada bu, 60-70 yaşlı insanların xəstəliyidir. Bizdə daha gənc yaşda görünür. Bu da saydığımız risk faktorlarının nəzarətsiz olması, bizim qidalanma, bəslənmə alışqanlığımız və bir az da hərəkətsizliyimizlə əlaqədardır.
 
Piylənmə infarkta aparır
 
- Ümumiyyətlə, ürək-damar xəstəliklərinin, infarktların əsas səbəbi nədir?
- Ürək-damar xəstəliklərinin başlıca səbəbi genetika ilə bağlıdır. Genetik olaraq sözügedən xəstəlik bir ailədə varsa, həmin nəsildə digər insanların da tutulma ehtimalı yüksəkdir. Ürək damarı tutulduğu zaman damarın o nahiyəni qidalandıran hüceyrəsi infarkt olur və ürəyin o hissəsi sıradan çıxır. İrsi yolla keçməkdən başqa, ikinci, ən ciddi risk faktoru şəkərdir. Şəkər xəstəliyi də bizim ölkəmizdə hədsiz dərəcədə çoxdur. Daha sonrakı risk faktorları arasında təzyiq problemi və xolesterinin normal miqdarda olmamasıdır. Ümumiyyətlə, siqaret çəkmə, oturaq həyat, Azərbaycan mətbəxi, yağlı yeməklər, xəmir məmulatları və qırmızı ətdən çox istifadə - bütün bunlar risk faktorlarıdır. Bundan başqa, stress də ürək-damar xəstəliklərinin əsas səbəbi olmasa da, xəstəliyin ortaya çıxma səbəblərindən biridir.
- Duzlu xörəklərdən çox istifadə də damarların tıxaclaşmasına səbəb olurmu?
- Əslində duzlu yeməklər damarların kirəclənməsindən daha çox təzyiqin yüksəlməsinə səbəb olur, birbaşa damarlara zərəri yoxdur. Amma təzyiq yüksək olduğu zaman ürək damarlarını zədələdiyi üçün bilavasitə ürək damarlarının tutulmasına səbəb olur.
- Piylənmə ilə ürək-damar xəstəlikləri arasında əlaqə varmı? Yəni artıq çəkili insanlarda infarkt riski daha çoxdur, yoxsa …
- Təbii ki, kök insanlarda risk daha böyükdür. Çünki artıq çəkili insanlarda adətən xolesterin yüksəkliyi olur. Artıq çəkili insanlar adətən şəkər xəstəsi olduğundan, metabolik balans, yəni bədəndə maddələr mübadiləsi pozulur və artıq çəki xolesterini yüksəldərək damarların tutulmasına səbəb olur. Bir sözlə, piylənmə və xolesterin yüksəkliyi ürək-damar xəstəliklərinin səbəbləri sırasındadır. Artıq çəkili insanlar daha az hərəkət edirlər və buna bağlı olaraq da ürək-damar xəstəlikləri artır.
 
Quluncla ürək ağrısını dəyişik salmayaq
 
- Ürək-damar xəstəliklərinin əlamətləri hansılardır? Xəstə özündə hansı əlamətləri hiss edəndə həkimə müraciət etməlidir?
- Sinənin ortasında, mədə nahiyyəsindən başlayıb boyuna qədər və yaxud alt çənəyə qədər olan ağrılar ürək-damar ağrılarıdır. Bu ağrı göynədici, yandırıcı, basqı və yaxud sıxılma şəklində olur. Xəstələrin bəzilərində sadəcə mədə, alt çənə və boyunda ola, hər iki qola, çiyinə yayıla bilər. Bəzi insanlarda heç ağrının olmaması da mümkündür. Bu cür insanlar ən şanssız qrupdur ki, qəfləti ölümlə qarşılaşırlar. Bəzən xəstədə ürək ağrısı xarakteri daşımayan ağrılar da ola bilər. Onu da deyim ki, adətən sancı, batma, “ürəyim ağrıyır” deyərək sol tərəfi göstərən insanlardakı ağrılar ürək ağrısı deyil. Batma, qulunc deyilən yerlərdəki ağrılar əzələ ağrılarıdır.
- Ürək-damar xəstəliyinə tutulmamaq üçün nə məsləhət görərdiniz?
- Qida çox önəmlidir. Ən əsas bizim tövsiyə edəcəyimiz şey qırmızı ətdən uzaq durmaqdır. Əsasən toyuq, balıq əti yemək lazımdır. Onların da içalatlarından uzaq durmaq lazımdır. Xəmir xörəkləri, kərə və qatı yağlardan az istifadə tövsiyə edilir. Ağ çörəkdən çox az istifadə etməli, yediyimizi tələsə-tələsə deyil, olduqca asta-asta yemək lazımdır ki, doyduğumuzu başa düşək. Çünki doyma siqnalları beyinə 20 dəqiqə sonra çatır.
 
Uşaqlıqda döyülənlərin infarkt riski
 
- Böyük Britaniyada belə bir araşdırma aparıblar ki, uşaqlığında çox döyülən insanlarda ürək-damar xəstəliklərinə daha çox rast gəlinir. Bu nə dərəcədə düzgündür?
- Araşdırma ilə tanış deyiləm, amma bu, stress faktoru səbəbindən ola bilər. Ürək-damar xəstəliklərinin səbəblərindən biri insanların xarakterləridir. Məsələn, çox ciddi, vasvası, emosional olmasalar da, hər şeyin dəqiq olmasını istəyən, çox şeyi ürəyinə salan insanlarda ürək-damar xəstəliklərinə daha çox rast gəlinir. Uşaqlıqda döyülən insanlar daxilən stress keçirdiklərindən, problemləri içlərinə saldıqlarından onlarda ürək-damar xəstəlikləri çox ola bilər.
- Gülüşün infarkt riskini azaltdığı deyilir...
- Daim deyib-gülən, müsbət auralı insanlarda stress daha az olur. Belələrinin təzyiqləri də adətən daha yaxşı olur. Eyni zamanda maddələr mübadiləsi, şəkər və xolesterinin də miqdarı normada qeydə alınır. Gülən insanlar daha rahat insanlar olduğundan onlarda ürək-damar xəstəliklərinə daha az rast gəlinir.
 
Beyin iflicinin səbəbləri
 
- Üzeyir həkim, beyin damarlarının tutulması, yəni beyin-arterial xəstəliyinin dünyada ölümə səbəb olan xəstəliklər arasında üçüncü yerdə durduğunu dediniz. Beyin damarlarının tutulması nə deməkdir?
- Ürək-damar xəstəliyi necə infarkta səbəb olursa, beyin-damar xəstəliyi də insult dediyimiz ifliclərə səbəb olur. Ürək damarı tutulanda ürəyə qan getmədiyi üçün infarkt olur. Beyin damarı tutulanda isə insult olur, yəni beyinin bir hissəsində hüceyrə ölümü - infarkt meydana gəlir. Nəticədə beyinin həmin hissəsinin qidalandığı tərəfində hərəkət qüsuru, iflic, udma çətinliyi və s. olur.
- Beyin damarlarının tutulmasının səbəbi nədir?
- İnsultların 20 faizinin səbəbi yuxu arteriyasının, yəni beyinə gedən damarların, beyin arteriyasının tıxanması, daralmasıdır. Amma bizim ən çox qorxduğumuz və tez müdaxilə etməyimiz gərərkən şey beyini qidalandıran damarlardakı kirəcləşmələrin yerini vaxtında tapıb açmaqdır. İnsult keçirən xəstələrin beyninə gedən damarlar yoxlanılmalıdır. Yoxlanılmadığı zaman beyin damarında daralma varsa, ikinci insult keçirmə ehtimalı yüksəkdir. İkinci insult isə ölümcül olur. Buna görə də mütləq insult keçirənlərin damarları stendləmə yolu ilə açılmalıdır.
- Stendləmə əməliyyatı beyninin yenidən insult keçirilməsinin qarşısını alır?
- Əlbəttə. Beyin-qan dövranının pozulması əlamətləri, huşunu itirmə, dilin ani tutulub açılması və yaxud keçici görmə pozğunluğu beyin damarında daralmanın əlamətləridir və insultla nəticələnə bilər. Bu cür xəstələrin stedləmə ilə damarları açıldıqda belə həmin xəstələr insult keçirmir.
- Stendləmə metodu necə həyata keçirilir?
- Texniki olaraq ürək damarına qoyulan stendlə eyni şəkildədir. Ayaqdakı damardan girilərək xüsusi katetrlərlə şah damar vasitəsilə gəlib beyin damarı içərisinə giririk. Beyin damarının içində dar nahiyədən keçib o nahiyəni balon vasitəsilə genişləndiririk. Bu nahiyəyə stend dediyimiz qəfəs qoyulur. Bu qəfəs yığılmış şəkildə olur, biz bunu şişirdəndə açılıb damar divarına yapışır və damarı tıxayan o hüceyrələr, tromb hamısı stend dediyimiz bu spiralla damar divarının arasında sıxışıb qalır. Beyin damarları ürək damarlarından ikiqat böyük damarlar olduğundan təkrar tutulma ehtimalı çox azdır. Bu qrup xəstələri uğurlu xəstə qrupu saymaq olar. Sadəcə, nevropataloqlar xəstəliyi vaxtında aşkara çıxarmalı, beyin damarlarını doplerlə yoxlayıb, daralmanı tapmalıdırlar.
- Stendləmədən neçə il sonra həmin əməliyyata ehtiyac var?
- Ürəkdəki stendləmədə olduğu kimi əgər xəstə özünü gözləsə, təzyiq, şəkər, xolesterinini normada saxlaya bilsə, siqaret çəkməsə, pəhriz saxlasa, sonradan ömür boyu stendləməyə ehtiyac yoxdur. Əgər xəstə bunları etməsə, əlbəttə ki, damar 2-3 il sonra təkrar tutula bilər. Söhbət stend bölgəsindən deyil, damarın hər hansı bir bölgəsindən və yaxud digər damarlardan gedir.

Lalə Musaqızı

Şərhlər (0)
Şərh bildir