MyPassion
Sevdim - Pərvin Mehtiyev
24 Mart 2017, 20:24 \ Baxılıb: 4518 dəfə \

Ey yar, səni hər dəmdə xəyalımda yaşatdım,
Gündüz-gecə qəlbimdəki dildar kimi sevdim.

Hərdən, səni könlüm necə istərdi ki, bilsən,
Bir xəstə yetim könlü çəkən nar kimi sevdim.

Sənsiz gecələr donsa da cismim küçələrdə,
Bir an demədim nədir yağan qar, kimi sevdim?

Sən eyləmədin könlümü şad, bezmədim əsla,
Sevdim səni qəlbən, itaətkar kimi sevdim.

Artıq məni ahəstə şeirlər də ovutmur,
Hər kəs soruşur, qalmışam ağlar, kimi sevdim?

Hər dəm səni axtarsa da qəlbim yenə tapmaz,
Sən, qalmadın ki, yanımda, mən var kimi sevdim.

Madam ki, gedirsən, qapıdan dön geri bax bir,
Sor, mən kimi sevdim belə ey yar, kimi sevdim?

(c) Pərvin Mehtiyev
Meqale.net

Bənzər məqalələr
Şərhlər (12)
Şərh bildir