MyPassion
Yuxunun əsas əhəmiyyəti
8 İyun 2016, 21:29 \ Baxılıb: 971 dəfə \

İnsan ömrünün 1/3 yəni, üçdə bir hissəsi yuxuda keçir. Adi qarşıladığımız, əslində isə böyük möcüzə olan bir yuxu istirahət vaxtı deyil. Çünki yuxu əsnasında bədən aktiv yenilənmə müddətinə keçir.

Yuxu insan həyatının vacib ehtiyacları arasında özünəməxsus yer tutur. Bədənimizin suya, oksigenə və qidalara ehtiyacı olduğu kimi yuxuya da ehtiyacı var. Həyatımızın təxminən 1/3-i yuxuda keçdiyindən, stabil həyat tərzi keçirmək üçün yuxu həyati əhəmiyyət daşıya bilir. Yuxu passiv istirahət halı deyil. Yuxu əsnasında gün boyu zehni məşğul edən fəaliyyətlər, gərginliklər və yaddaşda qalan məlumatlar sanki kompyuterin yaddaşı kimi ayırd edilir. Yuxuda hormon səviyyəsi tarazlanır, həzm sistemi işləyir, immun sistemi fəaliyyət göstərir, dəri təzələnir. Hüceyrənin bölünməsi yuxuda da davam edir.
Yuxuda nə yenilənir
Hər gün 10 qram ölü dəri hüceyrəsinin qatqısı ilə dərimizin hamarlığı təmin edilir. Bunun üçün hər axşam dərinin üst təbəqəsindəki hüceyrələr bölünməyə başlayır. Yuxu əsnasında isə böyümə hormonunun artması ilə bərabər bu reaksiya sürətlənir. Bunun üçün ən ideal mühit gecədir. Çünki gecə nə günəş, nə külək, nə də hərəkət hüceyrənin bölünməsinə mane olmur. Məhz bu saatlarda dərinin başda oksigen olmaqla, bir sıra qida maddəsinə ehtiyacı olur. Alınan hər nəfəsdə dəri ehtiyacı olan oksigeni toplayır. Buna görə də, hər axşam yatmazdan əvvəl yataq otağının havasının dəyişdirilməsi tövsiyə edilir. Yatarkən, xüsusilə də yuxu gördüyümüz zaman bədən temperaturu 2 dərəcə artdığından orqanizm bol miqdarda maye istehsal edir. Məhz bu səbəblə, səhər oyananda saçlarımız nəmlənir, forması dəyişir. Yağ vəzləri gecə yeniləndiyindən, yuxu əsnasında yağın ifraz edilməsi azalır. Mütəxəssislər qanımızdakı böyümə hormonu səviyyəsinin yuxuya gedən kimi artdığını müəyyən etmişdir. Bu səbəblə, normal yatandan sonra bədənimiz sanki təzələnir.
Nə vaxt və nə qədər yatmalıyıq?
Gündəlik yuxu norması fərdidir və yaşla əlaqədar olaraq dəyişir. Ümumiyyətlə, yaş artdıqca yatma müddəti azalır. Ancaq gündə 6-8 saat yuxu yetkin insan üçün kifayətdir. Tez-tez və kifayət qədər dərin yata bilməyən insanlar xəstəliklərə qarşı daha dözümsüz olurlar. Belə vəziyyətlərdə bədənin ritmi pozulur. Bu balanssızlıq dəridə öz əksini tapır: dəri quruyur, qabıq qoyur, hüceyrə bölünməsi nizamlı reallaşa bilmədiyi üçün dəri get-gedə nazilir.
Mütəxəssislər yuxu üçün ən ideal vaxtın gecə olduğunu müəyyən etmişdir. Hər cür yuxu pozuqluğunda gecə yuxusunun əhəmiyyəti vurğulanır. Çünki günorta yuxusunun hüceyrə yenilənməsi və hormonal reaksiyalar baxımından böyük rolu yoxdur. Beynimizin ifraz etdiyi melatonin hormonu hava qaralandan sonra istehsal edilir. Dərinin yenilənmə əməliyyatını bu hormon başlayır.
Yuxusuzluq
Bədənimizdə gündəlik yuxu-oyanıqlıq dövrünə nəzarət edən bir mexanizm var. Sutkalıq ritm adlanan bu mexanizmə bədəndə təxminən 24 saata nizamlanan bioloji saat tərəfindən nəzarət edilir. Bu ritm ekoloji və daxili faktorlar ucbatından pozulduqda yuxusuzluq yaranır. Bununla bərabər, nizamsız yuxu vərdişləri, psixoloji səbəblər, nevroloji narahatlıqlar, hormonal pozuqluqlar, fizioloji və irsi faktorlar da yuxusuzluğa səbəb ola bilər. Yuxusuzluq, yəni
insomniya ağrıdan sonra cəmiyyətdə ən çox yayılan şikayətlərdən biridir.
Fərqli yuxu pozuqluqları
Yuxu pozuqluğu deyəndə, ən çox qarşılaşdığımız vəziyyətlər yata bilməmək, yuxuya getməmək, yuxu bölünməsi, ya da səhər erkən saatda oyanıb yenidən yata biməmək kimi izah edilə bilər. Ancaq çox yatmaq və ya yastığı görər-görməz yuxuya getmək də bir növ yuxu pozuqluğudur. Psixofizioloji tip yuxusuzluğun ən çox yayılmış formasıdır. Bütün yuxu xəstəliklərinin bir əlaməti kimi ortaya çıxa bilər. Ayrıca daxili, psixiatrik və dərmanlarla əlaqədar da belə vəziyyət yarana bilər. Psixofizioloji yuxusuzluq, adətən, stress kimi faktorlar nəticəsində meydana gəlir. Psixofizioloji yuxusuzluqda bütün diqqət yata bilməmək üzərində toplanır. İdiopatik yuxusuzluq vəziyyəti isə xroniki və ciddi yata bilməmək, yuxunu davam etdirə bilməmək halıdır. Bu zaman yuxuya getmə müddəti çox uzun olur və yuxu oyanmalarla davam edir. Buna səbəb olan nevroloji pozuqluq yüngül və ağır formalarda olduğu kimi, yata bilməmək də yüngül və ağır, hətta dözülməz olur. Bu cür yuxusuzluqda psixoloji funksiyalar əsas rol oynayır. Bununla yanaşı, yuxuda gəzmək, yuxuda qorxmaq kimi yuxu pozuqluqları da geniş şəkildə nəzərə çarpır.
Yuxusuzluq çox rast gəlinən və müalicə edilən narahatlıqdır. Müalicə edilməsə, xəstəliklərə səbəb ola bilər, hətta ölümlə nəticələnər. Yuxusuzluq depressiyanın inkişafında əsas faktorlardan biri hesab edilir.
Apne sindromu və yuxuda ruhun alınması
Yuxuda tənəffüs dayanması kimi təsvir edilən apne sindromu həyat üçün ciddi təhlükədir. İlk dəfə 1965-ci ildə məlum olan apne yunan sözü olub, “nəfəs arzusu” mənasını verir. İki növ yuxu apnesi müəyyən edilmişdir: birində beyin nəfəs alma əzələlərinə tənəffüsü başladan siqnalları göndərə bilmir, digərində isə hava tənəffüs yollarında tıxanır. Apne əsnasında nəfəs almaq üçün həddindən artıq səy göstərildiyi üçün damarlar və ürək bir müqavimətə qarşı işləyir. Bununla paralel, qandakı oksigenin miqdarı azalır. Ürəkdə də bəzi ritmi pozuqluq baş verir.
Gördüyümüz kimi, yuxu əsnasında insan həyatı bir çox təhdidlə qarşılaşır. O halda hər səhər sağlam şəkildə yuxudan oyanmaq şükr edilməsinə bir səbəbdir. Yuxu zamanı insan şüurunu və xarici mühiti qəbul etmə qabiliyyətini qismən itirir. "Ölümə bənzər" kimi ifadə edilən yuxudan şüurlu və bir gün əvvəlki halına qovuşmuş şəkildə oyanmaq, qüsursuz şəkildə görmək, eşitmək və hiss etmək üzərində düşünülməsi lazım olan möcüzəvi hadisələrdən biridir. Gecə yatağında yatan insan bu bənzərsiz nemətlərin səhər özünə yenidən veriləcəyindən əmin ola bilməz. Bundan əlavə, insan hər hansı bir fəlakətlə qarşılaşmadan və ya sağlamlıq problemi olmadan oyanacağından da əsla əmin ola bilməz.

Mənbə: Elmimovzular.com

Şərhlər (0)
Şərh bildir